Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş məcburi köçkünlərə “Böyük Qayıdış”la bağlı məlumat verildi

10 oktyabr 2023 | 16:40
      10 Oktyabr 2023-cü il tarixdə Pirallahı qəsəbəsində yerləşən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yeri üzrə icmalar və ağsaqqallar ilə görüş keçirilmiş, onlara köç prosesinə aid məsələlər barədə məlumat verilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının məsul əməkdaşları və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə bölməsinin müdiri Şəhla Xələfova və digər əməkdaşlar iştirak etmişdir.
     Tədbirdə ilk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. O cümlədən, Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara daim xüsusi diqqət və qayğı ilə yanaşdığı qeyd olundu. O da vurğulandı ki, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, dağıdılmış şəhər və kəndlər yenidən bərpa edilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlər görülür.
      Eyni zamanda, qeyd olunmuşdur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.10-cu və “Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi qaydası”nın 8-ci bəndlərinə əsasən əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ödənilən vahid aylıq müavinət şamil edilmir və aylıq müavinətin ödənişi dayandırılır.
      Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə bölməsinin müdiri Şəhla Xələfova çıxış edərək bildirdi ki, keçmiş məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar. Natiq vurğuladı ki, 30 ilə yaxın müddətdə işğal altında qalmış və yaşayış məntəqələrinin əksəriyyəti tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparılır. İrimiqyaslı layihələrin icrası soydaşlarımızın doğma yurdlarında dayanıqlı məskunlaşmasına imkan yaradır. Böyük Qayıdış proqramı çərçivəsində bu günədək yüzlərlə məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Tərtərdə bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib. Onların köçürülməsi Dövlət Proqramlarına və normatik aktlara uyğun olraq həyata keçirilir.
        Sonda görüş iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər