“Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir
01 avqust 2025 | 13:03
Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı tərəfindən “1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunmuş və oxucuların iştirakı ilə tədbir keçirilmişdir. Həmin tədbirdə ana dilimizə həsr olunmuş şeir və mahnılar səsləndirilmiş, iştirakçılar arasında milli kimliyimizin, mədəni varlığımızın simvolu olan ana dilimizin qorunması, gələcək nəsillərə ötürülməsi barədə maarifləndirici söhbətlər aparılmışdır.
1 avqust 2025-ci il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Cavanşirli, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti və şagird kollektivi iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır.
Daha sonra Xəyalə Cavanşirli çıxış edərək “1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə hər kəsi təbrik etmiş və bildirmişdir ki, Azərbaycan dili xalqımızın milli kimliyinin, mədəni irsinin və dövlətçiliyinin ən mühüm sütunlarından biridir. Vurğulanmışdır ki, müasir Azərbaycan əlifbasının və ədəbi dilinin inkişafı və qorunması sahəsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid tam şəkildə təmin olunmuş, ana dilimizin dövlət dili kimi konstitusion statusu təsbit edilmişdir. Bu siyasi iradənin nəticəsində bu gün ana dilimiz həm elm və təhsil, həm də beynəlxalq müstəvidə təqdimat baxımından daha güclü platformaya sahibdir.
Çıxışın ardından məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin azyaşlı nümayəndələrinin ifasında şeir, musiqi və rəqs nömrələri təqdim olunmuşdur. Tədbirin sonunda azyaşlı iştirakçılar hədiyyələrlə mükafatlandırılmışlar.






