“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirildi
15 aprel 2025 | 16:35
15 Aprel 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pirallahı Tibb Mərkəzi” PHŞ-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlam Cəmiyyət üçün Hüquqi Təməl: Konstitusiyada Sağlamlıq Hüququ” başlıqlı tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov və müəssisənin kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin, bugün anım günün olan Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbir mövzu ilə əlaqədar video-çarxın nümayiş etdirilməsi ilə davam etdi. Daha sonra natiqlər çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən və Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs etdilər.
İlk olaraq çıxış edən Arzu Abdullayev qeyd etdi ki, Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoydu. Bu sənəd vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, sağlam cəmiyyətin formalaşmasında da mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar və bərpa olunan suverenliyimiz bu hüquqi əsaslar üzərində qurulmuşdur. A.Abdullayev nitqinin sonunda 15 aprel tarixinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü olduğunu xatırladaraq qeyd etdi ki, O, dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi olmaqla yanaşı, həm də qayğıkeş bir ana və nümunəvi bir ömür-gün yoldaşı kimi yaddaşlarda iz qoyub. Zərifə xanımın elmi və insani irsi bu gün də hörmət və ehtiramla xatırlanır.
Daha sonra çıxış edən İlqar Məmmədov bildirdi ki, Konstitusiyada əks olunan sağlamlıq hüququ vətəndaşların tibbi xidmətə bərabər çıxışını təmin etməklə yanaşı, sosial ədalət prinsiplərinin tətbiqinə də imkan yaradır. Xüsusilə, məcburi köçkünlərin və həssas əhali qruplarının hüquqlarının qorunması bu kontekstdə önəmli yer tutur. Dövlətin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində cəmiyyətin bütün təbəqələrinin rifahı yüksəlməkdədir.
Çıxış edən Fəzanə Gözəlova isə vurğuladı ki, Konstitusiyada sağlamlıq hüququnun təsbit olunması səhiyyə işçiləri üçün də böyük məsuliyyət yaradır. Bu hüququn təmin olunması məqsədilə tibb müəssisələrində göstərilən xidmətin keyfiyyəti yüksəldilir, əhalinin sağlamlığının qorunması istiqamətində sistemli addımlar atılır. “Pirallahı Tibb Mərkəzi” olaraq biz də bu çağırışlara cavab verərək, müasir standartlara uyğun xidmət göstərməyə səy göstəririk.
Sonda xatirə şəkli çəkdirildi.