“Məişət zorakılığı ilə mübarizə” və “Uşaqlar və gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunun yüksəldilməsi” mövzularında maarifləndirici tədbir keçirilmişdir
14 mart 2025 | 17:40
14 mart 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbin akt zalında “Məişət zorakılığı ilə mübarizə” və “Uşaqlar və gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunun yüksəldilməsi” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq gender bərabərliyinin təmin edilməsi, gender və məişət əsaslı zorakılıqla mübarizə rayon İcra Hakimiyyətinin də daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir.
Məişət zorakılığı nədir? Ümumilikdə zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Göründüyü kimi, “Məişət zorakılığının yanlız qadınların deyil, həmçinin digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılığa məruz qalması deməkdir.
Bununla yanaşı qeyd edildi ki, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Biz gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik.
Tədbir zamanı videoçarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.