"Milli Dilimiz, Milli Varlığımız"
01 avqust 2024 | 16:06
1 avqust 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş "Milli Dilimiz, Milli Varlığımız" başlıqlı konfrans keçirilmişdir. Pirallahı rayon Gənclər Mərkəzində baş tutan konfransda RİH başçısı Aparatının, YAP Pirallahı rayon təşkilatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin pedaqoji kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Xəzər rayon MKS-nin 2 saylı filialı tərəfindən təşkil olunan kitablar və Azərbaycan ədəbiyyatına dair materiallardan ibarət kitab sərgisinə baxış keçirilməsi ilə öz işinə başladı. Daha sonra RİH başçısı Aparatının məsul əməkdaşı Arzu Əliyeva tədbiri giriş sözü ilə açaraq, Azərbaycan dilinin əhəmiyyətindən və onun qorunmasının vacibliyindən danışdı. Vurğulandı ki, Ümummilli lider Heydər Əliyev genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasətinə hər zaman yüksək qiymət vermiş, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafı istiqamətində bir çox addımlar atmışdır. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusunu təsbit edən maddə daxil edilmişdir ki, bu, Sovet İttifaqı daxilində nadir bir hadisə və milli dilin qorunması yolunda böyük bir qələbə kimi yaddaşlara həkk olunmuşdur. Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyər və göstərdiyi qayğı müstəqillik dövründə də davam etdirilmiş, müstəqilliyimizin bərpasından sonra onun rəhbərliyi ilə Azərbaycan latın qrafikalı əlifbaya keçmişdir. Bu, xalqımızın dünya ilə inteqrasiyasını sürətləndirmişdir. A.Əliyeva qeyd etdi ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev, dilimizin qorunması və inkişafı üçün müvafiq qanunvericilik təşəbbüslərini daim dəstəkləyir, Azərbaycan dilinin hüquqi statusunun artırılması, onun qorunması və inkişafına dair qanunların qəbul olunması ilə bağlı tədbirlər həyata keçirir.
Daha sonra 168 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi, rayonumuzun fəxrlərindən biri, “Tərəqqi” və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalları ilə təltif olunmuş Sevda Alxasova, Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək Azərbaycan dilinin və əlifbasının inkişaf tarixi, onun milli varlığımızdakı rolu və əhəmiyyətindən danışdı. Çıxışlarda o da qeyd edildi ki, hər bir millətin dili onun tarixi, coğrafiyası, ənənələri və mədəniyyətinin izlərini daşıyır. Dil, həm də xalqın tarixi yaddaşını qoruyan ən güclü vasitələrdən biridir. Azərbaycan dili, əsrlər boyu xalqımızın yaşadığı tarixi hadisələri, qazanılan nailiyyətləri və mədəniyyətimizi əks etdirən ən qiymətli mirasdır. Dilimiz vasitəsilə biz öz tarixi köklərimizi tanıyır, mədəniyyətimizi öyrənir və gələcək nəsillərə ötürürük.
Tədbirin rəsmi hissəsinin sonunda, 4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin yetirmələri ana dilinə həsr olunmuş şeir nümunləri səsləndirdilər. Balaca iştirakçıların çıxışı tədbirə xüsusi rəng qatdı.