Mini-futbol turnirinə yekun vurulub
14 aprel 2023 | 15:45
Pirallahı rayonunda Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin təşkilatçılığı ilə uşaq futbolunun inkişafı, sağlam həyat tərzinin təşviqi və futbolun kütləviliyinin təmin olunması məqsədilə rayon məktəbliləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinə yekun vurulub.
Aprelin 10-da start verilmiş turnirdə rayonda fəaliyyət göstərən 5 məktəbin komandaları iştirak etmiş, komandalar arasında ümumilikdə 10 görüş keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən oyunlar nəticəsində 186 nömrəli tam orta məktəbin komandası qalib gələrək birinci yeri tutmuşdur. Müvafiq olaraq ikinci yerin sahibi Yavər Əliyev adına 235 nömrəli tam orta məktəb, üçüncü yerin sahibi isə 168 nömrəli tam orta məktəbin komandası olmuşdur.
Turnirdən sonra baş tutan mükafatlandırılma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyi Pirallahı rayon filialının üzvləri, şəhid ailələri iştirak etmişdir. Qonaqlar mərasimdən öncə yarışın keçirildiyi 186 nömrəli tam orta məktəbin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoymuşdur. Sonda turnirdə fərqlənən komandalar qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmış, onlara kuboklar təqdim edilmişdir.