Müqəddəs Qurban Bayramı münasibətilə qurbanlar kəsildi
29 iyun 2023 | 10:29
Dünya müsəlmanlarının sevinclə və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. Pirallahı rayonu ərazisində Qurban bayramının qeyd edilməsi, eləcə də heyvan kəsimi məntəqəsində işin təşkili məqsədilə rayon İcra Hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 57 nömrəli sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, o cümlədən ayrı-ayrı xeyriyyəçilər tərəfindən 28-29 iyun 2023-cü il tarixlərində sosial aksiya həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 50 ailəyə ərzaq sovqatı göndərmişdir. Aksiya çərçivəsində 6 şəhid ailəsi, 6 qazi, 20 müharibə iştirakçısı, o cümlədən aztəminatlı, əlil, ahıl və kimsəsiz ailələr olmaqla ümumilikdə 200-dən çox ailəyə 100 ədəd ərzaq sovqatı və 440 kq qurban əti təqdim olunmuşdur. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Qurban bayramı günlərində heyvanların kəsimi və satışının adi günlər ilə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu səbəbdən, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırmaqla Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 51B ünvanında çadır tipli kəsim məntəqəsi quraşdırılmışdır. Lazımi avadanlıqlar ilə təmin edilmiş çadır tipli kəsim məntəqəsində AQTA tərəfindən təhkim olunmuş baytar həkim nəzarətində qurbanlıq heyvanların kəsimi həyata keçirilmişdir. Eyni zamanda diri heyvanların satışı, hazırlanması və digər xidmətlər göstərilmişdir.