Narkomaniya ilə mübarizə, erkən nikah və kibertəhlükəsizlik mövzuları üzrə ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilir
21 aprel 2026 | 17:52
Müasir cəmiyyətin inkişafı ilə yanaşı, bir sıra ciddi sosial problemlər də aktuallaşır. Narkomaniya, erkən nikah və kibertəhlükəsizlik məsələləri həm fərdi, həm də ictimai səviyyədə geniş müzakirə olunan və kompleks yanaşma tələb edən mövzulardandır. Bu problemlərin hər biri insan həyatına müxtəlif aspektlərdən təsir göstərir və onların qarşısının alınması üçün maarifləndirmə, hüquqi tənzimləmə və sosial dəstək mexanizmlərinin gücləndirilməsi zəruridir.
Narkomaniya, erkən nikah və kibertəhlükəsizlik fərqli sahələrə aid olsa da, hamısı cəmiyyətin rifahına və gələcəyinə təsir edən problemlərdir. Bu məsələlərin həlli yalnız bir tərəfin deyil, bütün cəmiyyətin – dövlətin, ailənin, təhsil sisteminin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Maarifləndirmə, hüquqi tənzimləmə və sosial dəstək mexanizmlərinin gücləndirilməsi ilə daha sağlam, təhlükəsiz və inkişaf etmiş cəmiyyət qurmaq mümkündür.
Belə ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində bu istiqamətdə şagirdlərlə profilaktik söhbətlərin aparılması, onların maarifləndirilməsi, zərərli vərdişlərdən uzaq olması məqsədi ilə Daxili İşlər Nazirliyi və Pirallahı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə, rayonun 168 nömrəli məktəbində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Elnur Bayramov açaraq, gələn qonaqları təqdim etmiş və tədbir iştirakçılarını salamlamışdır.
Sonra çıxış üçün söz Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovniki İbrahim İsmayılova verildi. İ.İsmayılov narkomaniyanın yalnız fərdi asılılıq problemi deyil, həm də cəmiyyətin sağlamlığına ciddi zərbə vuran sosial bəla olduğunu vurğulamışdır. Həmçinin narkotik maddələrə aludəçilik insanın fiziki və psixoloji sağlamlığını məhv etdiyini, ailə münasibətlərini pozduğunu və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd etmişdir. İ.İsmayılov xüsusilə gənclər arasında narkotikin istifadəsinin yayılması gələcək nəsillər üçün təhlükəli tendensiya yaratdığını və bu problemin əsas səbəbləri arasında sosial mühit, psixoloji gərginlik, ailədaxili problemlər və maarifləndirmənin zəifliyinin olmasını vurğulamışdır. Narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalıdır. Reabilitasiya proqramları, psixoloji dəstək, təhsil müəssisələrində profilaktik tədbirlər və ictimai kampaniyalar bu sahədə mühüm rol oynayır.
Daha sonra, çıxış üçün söz rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Etibar Quliyevə verilmişdir. E.Quliyev, müzakirə olunan mövzuların dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu və narkomaniyanın müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biri olmaqla yanaşı, insan sağlamlığına, ailə institutuna və ümumilikdə ictimai təhlükəsizliyə böyük zərər vurduğunu qeyd etmişdir. Həmçinin, E.Quliyev narkomaniya ilə mübarizədə hüquqi mexanizmlərin xüsusi rol oynadığı və bu sahədə dövlət tərəfindən müvafiq normativ-hüquqi bazanın yaradılması barədə danışmışdır.
Tədbir davam edərək, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis mayoru Afaq Əliyeva çıxış etmişdir. A.Əliyeva narkotiklər və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yetkinlik yaşına çatmayanların bu pozuculuq fəaliyyətlərdən uzaq olmalarının yolları, eyni zamanda təcrübədə rast gəlinən hadisələr barədə şagirdlərə məlumat vermişdir.
Əlavə olaraq, tədbirə xüsusi ilə dəvət olunan Bakı Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı və Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqu Aynur Mahmudova lövhədə slayd şəkilində, posterlərdə yazı və şəkillərlə izah edərək çıxış etmişlər. F.Ataxanlı və A.Mahmudova ayrı-ayrılıqda narkotiklərin insan orqanizminə təsiri, asılılıq yaratması, baş verdiyi fizioloji proseslər barədə çox geniş məlumatlar vermişlər. Eyni zamanda, F.Ataxanlı və A.Mahmudova erkən nikahın, xüsusilə qız uşaqlarının təhsil və inkişaf hüquqlarını məhdudlaşdıran ciddi sosial problem olduğunu qeyd etmişlər. Bu cür nikahlar adətən sosial təzyiq, ənənəvi düşüncə və iqtisadi çətinliklər nəticəsində baş verdiyi, erkən yaşda qurulan ailələrdə tərəflər psixoloji və emosional baxımdan yetkin olmadıqları üçün münaqişələr, boşanmalar və digər sosial problemlər daha çox müşahidə olunduğu vurğulanmışdır. Erkən nikah həmçinin qadınların təhsil imkanlarını məhdudlaşdırdığını, onların iqtisadi müstəqilliyini zəiflətməsi və gender bərabərsizliyini dərinləşdirdiyini xüsusi olaraq qeyd etmişlər. Bu problemin həlli üçün qanunvericiliyin sərtləşdirilməsi, valideynlərin maarifləndirilməsi və qızların təhsilə cəlb olunmasının təşviqinin vacib olması, cəmiyyətin düşüncə tərzində dəyişiklik olmadan bu problemin köklü həllinin mümkün olmaması diqqətə çatdırılmışdır.
F.Ataxanlı və A.Mahmudova qeyd etmişlər ki, texnologiyanın sürətli inkişafı həyatımızı asanlaşdırsa da, yeni risklərin yaradır və kibertəhlükəsizlik bu risklərin qarşısını almaq üçün vacib sahələrdən biridir. Şəxsi məlumatların oğurlanması, fişinq hücumları, zərərli proqramlar və sosial mühəndislik kimi təhlükələr həm fərdlər, həm də təşkilatlar üçün ciddi problemlər yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr internetdə daha həssas qruplar hesab olunur. Onların onlayn təhlükələrdən qorunması üçün valideyn nəzarəti, rəqəmsal savadlılıq və təhlükəsiz internet istifadəsi qaydalarının öyrədilməsi vacibdir. Eyni zamanda, dövlət səviyyəsində kibertəhlükəsizlik strategiyalarının hazırlanması və tətbiqi də bu sahədə mühüm əhəmiyyət daşıyır.






