Narkomaniya ilə mübarizə, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa təsiri, uşaq nikahlarının qarşısının alınması mövzusunda tədbir keçirilib
23 noyabr 2022 | 16:44
23 noyabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya ilə mübarizə, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa təsiri, uşaq nikahlarının qarşısının alınması” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, rayon prokuroru - ədliyyə müşaviri Zaur Axundzadə, rayon Polis şöbəsinin rəisi - polis polkovniki Cümşüd İsmayılov, Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Sevda Mirzəyeva, Pirallahı Tibb Mərkəzinin həkim-psixoloqu Aliyə Əliyeva, həmçinin digər aidiyyəti orqanların nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis şöbəsinin rəisi, rayon Prokuroru və digər məsul əməkdaşlar çıxışlar edərək, mövzu ətrafında geniş məlumatlar vermişdir. Tədbir zamanı verilmiş sualların ətraflı cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq aparılmışdır.
Eyni zamanda qeyd olumuşdur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılmasına və uşaq nikahlarının qarşısının alınmasına da diqqət artırılmışdır.
Bu məqsədlə müraciətlər və monitorinqlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi təmin edilir.
Tədbirin sonunda video çarxlar nümayiş olunmuşdur.