Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya qarşı mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

06 iyun 2023 | 17:34
    2023-cü il 6 iyun tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Narkomaniya qarşı mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması” mövzularına həsr olunmuş tədbir keçirilmişdir.
     Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, rayon məhkəməsinin sədri Faiq Qasımov, RİH başçısı Aparatının şöbə müdirləri Arzu Abdullayev və Samir Hüseynov, rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Cavid Salahov, Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Asif Kəngərli, Pirallahı Tibb Mərkəzinin psixoloqu Aliyə Əliyeva, məktəbin pedaqoji kollektivi, valideynlər, şagirdlər və digər şəxslər iştirak etmişdir.
     Tədbirdə mövzu ətrafında çıxışlar edilərək ətraflı məlumatlar vermişdir. Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
      Eyni zamanda qeyd olumuşdur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
      Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
      Narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq digər tədbirlər ilə yanaşı cari dövr ərzində ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda narkomaniya əleyhinə 10-dan artıq tədbir keçirilmişdir.
      Gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağının artırılmasına, onların sağlam həyat tərzinə cəlb etdirilməsinə, antinarkotik dünyagörüşünün formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, vətənpərvərlik ruhunda tərbiyəsinə  diqqət artırılmış və bu sahədə də 20-dən artıq müvafiq tədbirlər və 10-dan artıq idman yarışları, turnirlər həyata keçirilmişdir. Bu barədə də məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində, həmçinin kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
      Doğurduğu fəsadlara görə erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir. Erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığını təhlükə altına atır, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olur.
       Erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır ki, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil  həm  psixoloji,  həm  sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar.
     Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: “Bu, həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar qeyd olunduğu kimi boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq bu qadınlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər”.
       Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılmasına və uşaq nikahlarının qarşısının alınmasına da diqqət artırılmışdır.
         Bu məqsədlə müraciətlər və monitorinqlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi təmin edilir.
        Gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağını artırmaq, onları sağlam həyat tərzinə cəlb etmək, antinarkotik dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif yarışların və müsabiqələrin davamlı olaraq təşkili önəmli məsələlərdəndir.
Keçidlər