“Narkomaniya” və “məişət və gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
26 yanvar 2023 | 15:14
26 yanvar 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Narkomaniya” və “məişət və gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Sevda Bəşirova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında şagirdləri geniş şəkildə məlumatlandırıblar.
Natiqlər qeyd etdilər ki, narkomaniyaya meyilliliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmaların xüsusən ağırlaşması onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünənəzarətin olmaması ilə şərtlənir. Beləliklə, eyforiya vəziyyətində yeniyetmələr yaşlılara nəzərən hüquq pozuntularına daha çox meyilli olurlar.
Daha sonra gendər əsaslı və uşaqlara qarşı olan zorakılıq bütün dünyada aktual bir problem olduğunu və məişət zorakılığının növləri və onunla mübarizə aparmaq yolları, qanunvericiliklə tənzimlənən hal və davranışlar izah olunmuşdur.
Eyni zamanda, çıxışçılar bildirdilər ki, heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.