“Narkomaniyaya, gender əsaslı zorakılığa və insan alverinə qarşı mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib
16 dekabr 2022 | 15:01
16 dekabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Narkomaniyaya, gender əsaslı zorakılığa və insan alverinə qarşı mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədov, "Pirallahı Tibb Mərkəzi" publik hüquqi şəxsin direktor müavini Fəranə Gözəlova və məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında şagirdlərə geniş məlumatlar vermişdir.
Natiqlər vurğuladılar ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.
Daha sonra çıxışçılar bildirdilər ki, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Bundan başqa Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Ölkəmizdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında fəallıq kampaniyaları keçirilir.
Eyni zamanda, məlum olduğu kimi, dövlətimiz 2001-ci il dekabr ayının 25-də Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını təsdiq etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.