Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizədə birgə olaq!”  və “Uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması”, “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” sahəsində maarifləndirici tədbir keçirilmişdir

05 iyun 2025 | 18:03
      5 iyun 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən  186 nömrəli tam orta məktəbin akt zalında "İnsan Hüquqları Aylığı” çərçivəsində “Narkomaniyaya qarşı mübarizədə birgə olaq!”  və “Uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması”, “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” sahəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, valideynlər, məktəbin müəllim kollektivi iştirak etmişdir.
       Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb.
       Eyni zamanda qeyd edildi ki, təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxunu, yazını və hesabı bilmirlər, yaşadıqları icmanın və toplumun əxlaq normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olurlar. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Bəziləri bu bacarıqları digərlərinə nisbətən daha dərindən qavraya bilir və beləliklə təhsil sistemi əslində ictimai çeşidləmə funksiyasını da yerinə yetirərək fərdlərin gələcək iqtisadi taleyinə böyük təsir göstərir.
    Narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya” yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.
       Komissiyaların fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.
      Bu sahədə vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
       Eyni zamanda, qeyd edilmişdir ki, uşaqların maraqlarına toxunan mövzular üzərində onların iştirakı, öz fikirlərini ifadə etmələrini təmin edir və  bu da onların özünəgüvənini və mənliklərini inkişaf etdirir. Sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyinin təməlinin qoyulması üçün bu çox vacib məsələlərdən biridir.
      Daha sonra mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
       
Keçidlər