Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Bakı şəhəri Pirallahı rayon Komissiyasının gördüyü işlərlə bağlı tədbir keçirilib

31 avqust 2022 | 12:56
        31 avqust 2022-ci il tarixdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Bakı şəhəri Pirallahı rayon Komissiyasının gördüyü işlərlə bağlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon prokuroru Zaur Axundzadə, Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı rayon şöbəsinin rəisi Qurban Qurbanov, Pirallahı rayon Polis şöbəsinin rəis müavini Elman Kazımov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və Qeyri-hökümət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri  və bələdiyyə sədrləri iştirak etmişlər.
       “Narkomanlğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Bakı şəhəri Pirallahı rayon Komissiya”sının sədri Vəzir Səfixanov tədbir iştirakçılarını salamlayaraq il ərzində Komissiyanın gördüyü işlər barədə ətraflı məlumat vermişdir. Narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu qeyd edən natiq bildirmişdir ki, narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək beynəlxalq mübarizəyə qoşulmuş, zəruri qanunvericilik bazası yaradılmış,  instutsional islahatlar həyata keçirilmişdir. Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək BMT-nin müvafiq Konvensiyalarına qoşulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2007, 2013, 2019-cu illərdə imzaladığı sərəncamlarla təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2007-2012, 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramları”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin Pirallahı rayonunda da intensiv şəkildə həyata keçirildiyini xüsusi vurğulayan V.Səfixanov rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradıldığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq tərəfindən o da vurğulandı ki, narkotik vasitələrin, psixotop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aidiyyəti vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır. Komissiyanın fəaliyyəti təsdiq edilmiş illik iş planlarına və normativ aktlara uyğun olaraq həyata keçirilməklə narkomanlıqla bağlı məsələlər üzrə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və tşkilatlarla qarşılıqlı əlaqə yaradılmış, maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yeniyetmə və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə polis orqanları təhsil işçiləri və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya üzvləri ilə birgə əlaqəli proflaktik tədbirlər həyata keçirilir. Müvafiq dövr ərzində narkomaniya əleyhinə 7 tədbir keçirilmiş, gənclərin və şagirdlərin maarifləndirilməsi daimi olaraq nəzarətdə saxlanılmışdır. 
        Pirallahı rayon prokuroru Zaur Axundzadə çıxışında qeyd etmişdir ki, narkomaniya ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
          Pirallahı rayon Polis şöbəsinin rəis müavini Elman Kazımov çıxış edərək bildirmişdir ki, ölkəmizdə son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meyilli insanlar hələ də var. Respublika üzrə 2022-ci ilin son altı ayı ərzində 486 min 707 hektar sahədən çəkisi 115 ton 570 kiloqram olan 244 min 445 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. O cümlədən, hesabat dövrü ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14 cinayət faktı aşkar edilmişdir ki, onlardan 4 fakt satış, 10 fakt isə saxlama təşkil edir. Həmin faktlar üzrə ümumilikdə 9 kq 200 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır. Narkomanlığa düçar olmuş insanları doğru yola çəkməsi üçün maarifləndirmə işlərinin aparılmasına, idmanın kütləviliyinin artırılmasına ehtiyac olduğunu qeyd edən E.Kazımov narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarına kömək etməyin hər bir vətəndaşın vicdan borcu olduğunu diqqətə çatdırmışdır.
      Sonda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov çıxış edərək narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat vermişdir. Ş.İsmayılov qeyd etmişdir ki, respublika üzrə 34602 nəfər rəsmi olaraq narkoman kimi qeydiyyatdadır. Narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verən natiq, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdıraraq sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirərək yeniyetmə və gəncləri maariflənməklə  “Narkomaniyaya yox!” deməyə çağırmışdır.

      

Keçidlər