“Narkomanlığın və yetkinlik yaşına çatmayanların hüquq pozuntularının, təhsildən yayınma hallarının qarşısının alınması, onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
02 dekabr 2022 | 17:43
02 dekabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbin akt zalında “Narkomanlığın və yetkinlik yaşına çatmayanların hüquq pozuntularının, təhsildən yayınma hallarının qarşısının alınması, onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, rayon Polis şöbəsinin rəisi - polis polkovniki Cümşüd İsmayılov, "Pirallahı Tibb Mərkəzi" publik hüquqi şəxsin direktor müavini Fəranə Gözəlova, Ağsaqallar Şurasının üzvü Səməd Mütəllimov, həmçinin digər aidiyyəti orqanların nümayəndələri, din xadimi, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis şöbəsinin rəisi və digər məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında şagirdlərə geniş məlumatlar vermişlər. Natiqlər öz çıxışlarında sağlam həyat tərzinə mənfi təsir göstərən məsələlər içərisində narkotik vasitələrin, psixotrop maddələrin xüsusi yer tutduğunu vurğulamışdır. Bununla yanaşı narkomaniyanın insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğu vurğulanmış və ona qarşı məqsədyönlü mübarizənin ümumxalq işinə çevrilməsinin önəmi qeyd edilmişdir.
Tədbirdə o da vurğulanmışdır ki, bir ölkənin inkişafı təhsil sahəsindəki uğuruna bağlıdır. Təhsil bir milləti azad,müstəqil, şanlı, yüksək bir cəmiyyət halına gətirir. Təhsil həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün vacib amildir. Bu gün Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəman, igid nəfərlərdən ibarətdir. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər bunun bariz təcəssümüdür. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi.
Daha sonra mövzularla bağlı video-çarx nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.