“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçirilib
27 may 2024 | 08:46
25 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq Təhsil İnstitutu və Bakı şəhəri “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib. Seminarda Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Hüquq şöbəsinin müdiri Samir Hüseynov iştirak etmişlər.
Seminarda Təhsil İnstitutunun böyük elmi işçiləri Xalidə Hüseynova və Əminə Niftiyeva günümüzün təhlükəsi hesab olunan narkomaniyaya səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınması istiqamətində təqdimatla çıxış ediblər.
Əlavə olaraq, tədbirdə çıxış edən A.Abdullayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında geniş məlumat verib. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından bəhs edib.
Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində idarə, müəssisə və təşkilatlarda mütəmadi kütləvi tədbirlər təşkil edildiyi diqqətə çatdırılıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmi qeyd edilib. Narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti vurğulanıb. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirildiyi bildirilib.