“Narkotik azadlığınızı əlinizdən alır” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib
19 yanvar 2023 | 09:37
18 yanvar 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Narkotik azadlığınızı əlinizdən alır” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, "Pirallahı Tibb Mərkəzi" nin həkimi Arzu Ağayeva, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında şagirdləri geniş şəkildə məlumatlandırıblar.
Natiqlər vurğuladılar ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur və laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Daha sonra çıxışçılar bildirdilər ki, Azərbaycanda dövlətin dəstəyi ilə gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı ciddi işlər görülür. Xüsusən, yeniyetmə və gənclər arasında qeyri-sağlam həyat tərzinin artması, düzgün maarifləndirilmənin olmaması, onların gənc yaşlarında tütün, spirtli içkilər və digər zərərli vərdişlərin aludəçisi olmalarına gətirib çıxardır. Şagirdlərə fiziki və mənəvi cəhətdən sağlam olmağa, sağlam olmaq üçün isə sağlam həyat tərzi seçməyi və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edildi.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.