Neft Daşlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-ci ildönümü münasibəti ilə tədbir keçirilib
17 may 2023 | 10:10
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adəm Qasımov, “Neft Daşları” NQÇi-nin rəisi Asim Bağırov, müəssisənin əməkdaşları, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş tərkibli heyəti iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin qəsəbə ərazisində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adəm Qasımov bildirmişdir ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətləri əvəzsizdir. Onun bütün fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi, xalqının firavan yaşayışının təmininə yönəlmişdir. Ulu Öndərin həyat və fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.
Daha sonra “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov çıxış edərək qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik və qalib Azərbaycan dövlətinin bütün uğurlarının başlanğıcıdır.