N.S. Teymurov adına 231 nömrəli tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilmişdir
10 aprel 2025 | 15:35
10 aprel 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S. Teymurov adına 231 №-li tam orta məktəbin akt zalında “Narkomaniyaya yox deyək”, “Uşaqların, xüsusi ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması” və “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi ” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin məsul əməkdaşları, “Ailə Sağlamlıq Mərkəzi”nin həkimi, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, uşaqlar və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır. Qeyd edək ki, narkomaniyanın qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.
Eyni zamanda vurğulandı ki, təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil qızların sahib olduğu təhsil səviyyəsidir. Erkən uşaqlıq dövründən başlayaraq yetkinlik yaşına qədər qızlar təhsil müəssisələrində, ali təhsil müəssisələrində öz hüquqlarını öyrənməli, dərk etməli, üzərlərinə düşən öhdəliklərini, vəzifələrini məsuliyyətlə qəbul etməlidirlər. Bu səbəbdən də qızların təhsilinə dəstək cəmiyyətin inkişafı üçün vacib addımlardan biridir. Bununla yanaşı bildirildiki, müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.
Tədbir zamanı videoçarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.