Pirallahı məktəbliləri arasında maarifləndirici tədbirlər davam etdirilir
17 aprel 2026 | 17:12
17 aprel 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” və “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Tədbirdə mövzu ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilib. Eyni zamanda, qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən əsas problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir.
Həmçinin, qeyd edilib ki, müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.
Sonda verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb.






