Pirallahı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub
23 fevral 2026 | 15:14
23 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununa və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2025-ci ildə də davam etdirilib. Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.
Tədbirin birinci hissəsində “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin yekunlarına dair qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti, hüquqi şəxslər və digər büdcə təşkilatları üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən:
2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən:
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
- 1-ci yer – Pirallahı Rayon İcra Hakimiyyəti
- 2-ci yer – Binəqədi Rayon İcra Hakimiyyəti
- 3-cü yer – Yasamal Rayon İcra Hakimiyyəti
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə ardıcıl olaraq üç ildir birinci yerə layıq görülür.






