Pirallahı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub
24 fevral 2025 | 14:25
24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2024-cü ildə də davam etdirilib. Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2024-cü ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib.
Təqdimat 2 hissədən ibarət olub. Birinci hissədə 2024-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2024-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıblar.
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti;
2-ci yer: Yasamal Rayon İcra Hakimiyyəti;
3-cü yer: Binəqədi Rayon İcra Hakimiyyəti.
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə ardıcıl olaraq iki ildir birinci yerə layıq görülür.