Pirallahı Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün bilik və bacarıqların artırılması üzrə növbəti təlim keçirilmişdir
20 fevral 2026 | 14:09
20 fevral 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədilə “Normativ aktlar üzrə Rayon İcra Hakimiyyətinə həvalə edilmiş vəzifə və səlahiyyətlərin icrası” mövzusunda təlim təşkil olunmuşdur.
Təlimin əsas məqsədi Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmiş vəzifə və səlahiyyətlərin düzgün, şəffaf və səmərəli icrasının təmin edilməsi, normativ hüquqi aktların tətbiqi mexanizmlərinin izahı və praktiki məsələlərin müzakirəsi olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamların, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərar və sərəncamların icra mexanizmləri geniş şəkildə təhlil edilmişdir. Həmçinin, Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi aktlar və onların tətbiqi zamanı yaranan praktiki məsələlər müzakirə olunmuşdur.
Təlim zamanı iştirakçılara normativ hüquqi aktların hüquqi qüvvəsi, icra intizamının gücləndirilməsi, vətəndaş müraciətlərinə baxılması qaydaları, inzibati prosedurlar və hesabatlılıq mexanizmləri barədə ətraflı məlumat verilmişdir. İnteraktiv müzakirələr və praktiki nümunələr vasitəsilə iştirakçıların mövzu üzrə bilikləri möhkəmləndirilmişdir.
Təlim keçirildikdən sonra təlim iştirakçıları təlimin effektivliyinin qiymətləndirilməsi üçün müvafiq anketlər doldurmuşlar. Qeyd olunur ki, bu kimi təlimlər dövlət qulluqçularının peşəkarlığının artırılmasına, idarəetmədə şəffaflığın və operativliyin təmin edilməsinə mühüm töhfə verir. Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının bilik və bacarıqların artırılmasına, qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsinə, etik davranış və korrupsiyaya qarşı prinsiplərin gücləndirilməsinə, dövlət sirri və informasiya təhlükəsizliyi qaydalarına əməl olunmasının təmin edilməsinə, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bu kimi tədbirlər mütəmadi olaraq davam etdirilir.






