Pirallahı Rayon İcra Hakimiyyətində yeni tədris ili və qarşıdan gələn əlamətdar tarixlərlə bağlı görüş keçirilib
01 sentyabr 2025 | 16:49
1 sentyabr 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynovanın məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin, eləcə də rayon ərazisində fəaliyyət göstərən mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri ilə görüşü keçirilmişdir.
Görüşün əsas məqsədi 2025–2026-cı tədris ilinin başlanması ərəfəsində müvafiq qurumlarda aparılan hazırlıq işləri ilə tanış olmaq və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparmaq olmuşdur. Bununla yanaşı, bu il ilk dəfə qeyd ediləcək “20 Sentyabr – Suverenlik Günü” və 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü çərçivəsində keçiriləcək “27 Sentyabr – Anım Günü” kimi əlamətdar tarixlərin yüksək səviyyədə təşkili məsələləri də gündəmdə olmuşdur.
Görüş zamanı təhsil müəssisələrinə yeni tədris ilinə hazırlıqların yüksək səviyyədə təşkil olunması, şagirdlərin dərsə davamiyyətinin ciddi nəzarətdə saxlanılması və onların asudə vaxtlarının səmərəli təşkili üçün mədəniyyət müəssisələri ilə sıx əməkdaşlığın qurulması tövsiyə olunmuşdur.
Mədəniyyət müəssisələrinə isə şagirdlərin dərnəklərə cəlb edilməsi, onların estetik və intellektual inkişafına töhfə verəcək layihələrin təşkili, eləcə də ümumrayon tədbirlərində fəal iştirak etmələri üçün təşviq olunması tövsiyə edilmişdir.
Səhiyyə müəssisələrinə isə yeni tədris ili ərəfəsində məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqinin həyata keçirilməsi, infeksion xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi və məktəblərdə sanitariya-gigiyena tələblərinə nəzarətin artırılması ilə bağlı tapşırıqlar verilmişdir.
Görüş səmərəli fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından məhsuldar keçmiş, iştirakçılar arasında koordinasiyalı fəaliyyətin vacibliyi bir daha vurğulanmışdır.






