Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən sosial obyektlərdə görülən işlərlə tanış olub
22 iyul 2026 | 14:12
22 iyul 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon ərazisində fəaliyyət göstərən “Pirallahı Tibb Mərkəzi” PHŞ-də və Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə olub, müəssisələrdə görülən işlərlə tanış olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikanın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin ardıcıl və səmərəli icrasını təmin etmək məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb və təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməkdə, mövcud infrastrukturun yenilənməsi, yaşıllıq sahələrinin genişləndirilməsi, küçə və yolların estetik görünüşünün yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməkdədir.
Bu çərçivədə Rayon İcra Hakimiyyətinin başçısı “Pirallahı Tibb Mərkəzi” PHŞ-yə baş çəkib, burada salınması nəzərdə tutulan yaşıllıq sahəsinin ərazisinə baxış keçirib. RİH başçısı daha sonra tibb müəssisəsini gəzib, burada vətəndaşlarla görüşərək onların müraciətlərini dinləyib, göstərilən tibbi xidmətlərin təşkili, Mərkəzin maddi-texniki bazası və yaradılmış şərait barədə məlumat alıb.
Daha sonra Vasif İmanov Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə olub. RİH başçısı təhsil müəssisəsində mövcud infrastrukturla və görülən işlərlə tanış olub, yaradılmış şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanıb.






