Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Təməl həyat dəstəyi” təlimi keçirilmişdir
19 dekabr 2025 | 17:19
19 dekabr 2025-ci il tarixində “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Təməl həyat dəstəyi” mövzusunda təlim təşkil olunmuşdur.
Təlimdən öncə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev hər bir şəxsin bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, sağlamlığının qeydinə qalmasının və ilkin tibbi yardımla bağlı zəruri biliklərə malik olmasının vacibliyini vurğulamışdır.
Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-də Keyfiyyətə nəzarətin idarə olunması komitəsinin rəhbəri İlhamə Heybətova bildirmişdir ki, təməl həyat dəstəyi ürək tutması, tənəffüs çatışmazlığı və ya boğulma kimi hallarda insanın həyatını xilas etmək məqsədilə tətbiq olunan ilkin tibbi yardım metodudur. O, bu cür təlimlərin son dərəcə vacib olduğunu və hər bir şəxs üçün həyati əhəmiyyət daşıdığını qeyd etmişdir.
Daha sonra təlim prosesinə başlanılmışdır. Təlim “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin təcili tibbi yardım şöbəsinin həkimi Ülkər Mehdiyeva tərəfindən aparılmışdır.
İlk mərhələdə iştirakçıların təməl həyat dəstəyi ilə bağlı bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə test yoxlanışı aparılmışdır. Ardınca iştirakçılara zərərçəkənlərə (böyüklər, uşaqlar və körpələr) ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ətraflı məlumat verilmişdir. Təqdim olunan biliklər manekenlər üzərində əyani şəkildə nümayiş etdirilmiş, zərərçəkənə düzgün yanaşma, təhlükəsizliyin təmin edilməsi, təcili tibbi yardımın çağırılması, ürək-ağciyər reanimasiyasının alqoritmi və digər vacib məqamlar izah olunmuşdur.Eyni zamanda iştirakçılara manekenlər üzərində praktiki məşğələlər aparmaq üçün şərait yaradılmışdır.
Təlimin sonunda iştirakçıların yerinə yetirdikləri tapşırıqlar qiymətləndirilmişdir.






