Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon məktəbliləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş intellektual yarış keçirilmişdir

14 mart 2023 | 11:26
        Martın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  intellektual yarış keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Aparatın məsul əməkdaşları, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova, ümumtəhsil müəssisələrinin rəhbərləri,pedaqoji kollektivi və şagirdlər iştirak etdi. Yüksək rəqabət şəraitində keçən yarış Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan xalqının dahi oğlunun mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş  filmin nümayişi ilə başladı.
    Daha sonra şagirdlərə yarışın qaydaları izah olundu və üç mərhələdən ibarət intellektual yarış start götürdü. Birinci mərhələdə N.S.Teymurov adına 231 №li tam orta məktəb və 243 №li tam orta məktəb, ikinci mərhələdə Y.Əliyev adına 235 №li tam orta məktəb yarışdan kənarlaşdı. 168 və 186 №li tam orta məktəbin komandalarının iştirak etdiyi final turu yüksək həyəcan şəraitində baş tutdu. Yekunda 168 №li tam orta məktəb qalib gələrək Pirallahı rayonunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin may ayında keçiriləcək final müsabiqəsində təmsil etmək hüququ əldə etdi.
     Tədbiri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev yekunlaşdıraraq intellektual bilik yarışının əhəmiyyətindən bəhs etdi və yarışın keçirilməsində məqsədin Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması olduğunu bildirdi. A.Abdullayev iştirak edən komandalara təşəkkür etdi və qalib gələn komandaya uğurlar arzu etdi.
      Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşdı.
Keçidlər