Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonu ərazisində yerləşən mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə vəziyyətinin kompleks yoxlanılması ilə əlaqədar iclas keçirildi

06 oktyabr 2025 | 16:17
 
      2025-ci il 6 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  mülki müdafiə vəziyyətinin kompleks yoxlanılması ilə əlaqədar iclas keçirildi. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon Fövqəladə Hallar Komissiyasının sədri  Vəzir Səfixanov,  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Bakı Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, həmçinin həmin orqanların və rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların mülki müdafiə sahəsində məsul əməkdaşları iştirak etdilər. 
      Tədbiri giriş sözü ilə açan Vəzir Səfixanov bildirdi ki, mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir. Mülki müdafiə bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda təşkil və təmin edilir. Pirallahı rayonunda baş verə biləcək təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və qurumlarda yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş müvafiq Sərəncamlar əsasında Fövqəladə  Hallar Komissiyası, ərazi Mülki Müdafiə qüvvələri və xidmətləri yaradılmış, mülki müdafiə sahəsində tədbirlər planı təsdiq edilmiş və müvafiq işlər həyata keçirilməkdədir. Cari ilin oktyabr ayında mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda mülki müdafiənin vəziyyəti kompleks şəklində yoxlanılacaqdır. Hazırkı iclasın keçirilməsində də məqsəd, yoxlamaların aparılmasında səmərəliliyin artırılması, mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və bu sahədə nəzarətin gücləndirilməsi, əhalinin mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, idarə, müəssisə və təşkilat rəhbərlərinin, qəsəbə inzibati ərazi nümayəndələrinin və yerli özünü idarəetmə orqanlarının diqqətini bu sahəyə cəlb etməkdir.
       Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev mülki müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu, böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq, müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən bu məsələyə diqqəti artırmağı, fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş tədbirlər planına uyğun qurmalarını tövsiyə etdilər. Natiqlər həmçinin keçiriləcək kompleks yoxlama barədə məlumat verərək, onun məqsədindən və keçirilmə qaydasından danışdırlar.
       Daha sonra mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət planı əsasında işin təşkili müzakirə olunmuş, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərin nəticələri, eyni zamanda ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi də aparılmışdır.
Keçidlər