Pirallahı rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü qeyd edildi
01 iyun 2024 | 16:34
İyunun 1-də V. Mustafazadə adına Mədəniyyət Mərkəzində “Uşaqların Beynəlxalq Müdafiə Günü" nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə uşaqları təbrik edərək ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı söz açmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ümummilli liderimizin daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublikamızda gələcəyimiz olan uşaqların sərbəst inkişafı, onlar üçün uğurlu və işıqlı gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Uşaqların təhsili, onların sağlamlığının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədilə son illər ölkəmizdə müasir standartlara uyğun tibb müəssisələri, idman obyektləri, təhsil ocaqları istifadəyə verilmişdir. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir. Bununla yanaşı Ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara daim diqqət və qayğı ilə yanaşır.
Maraqlı keçən tədbirdə uşaqların ifasında şerlər deyilmiş, rəqs nömrələri nümayiş olunmuş, mahnılar səsləndirilmişdir.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin və “YAŞAT” Fondunun əməkdaşlarının iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şəhidlərimizin övladlarına hədiyyə qutuları çatdırıldı. Məqsəd şəhidlərimizin yadigarlarına sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.