Pirallahı rayonunda " 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd edildi
01 iyun 2025 | 10:30
31 may 2025-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin və 14 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəblilər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İştirakçılar ilk öncə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev açaraq, uşaqların cəmiyyətin ən qiymətli sərvəti olduğunu vurğulamış, onların hüquqlarının qorunmasının və hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir. O, ölkəmizdə uşaqlara göstərilən yüksək diqqət və qayğıdan, bu sahədə həyata keçirilən dövlət proqramlarından danışmış, uşaqların bilikli, vətənpərvər və sağlam düşüncəli vətəndaş kimi formalaşmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Arzu Abdullayev çıxışında ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir" fikrini xatırladaraq, onun hakimiyyəti dövründə uşaq siyasətinə verilən böyük önəmi xüsusi vurğulamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar və sosial proqramlar uşaqların rifahının təmin olunmasında mühüm rol oynamışdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə uşaqların hüquqlarının müdafiəsi, onların keyfiyyətli təhsil alması, sağlamlıq və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən 2009-cu il "Uşaq ili" elan edilmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən layihələr uşaqlar üçün hərtərəfli şəraitin yaradılmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyeva da uşaq siyasətinə xüsusi həssaslıqla yanaşır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsili, sağlamlığı və istedadlarının üzə çıxarılması üçün çoxsaylı layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin və internat məktəblərinin müasir tələblərə uyğun yenidən qurulması, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğı xüsusi təqdirəlayiqdir.
Daha sonra uşaqların ifasında mahnılar, rəqslər və musiqi alətlərində çıxışlar təqdim olunmuşdur. Tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunmuş, onlarla xatirə şəkilləri çəkilmişdir.
Eyni zamanda, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şəhidlərimizin övladlarına hədiyyə qutuları çatdırıldı. Xatırladaq ki, “Hədiyyə karvanı” layihəsi çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, jurnallar paylanılır. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.