Pirallahı rayonunda 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
27 fevral 2026 | 16:22
Cari ilin 27 fevral tarixində Pirallahı rayonunun Gürgən qəsəbəsi 231 nömrəli məktəbində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinın təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi" mövzusunda təlim keçirilmişdir. Təlimdə Bakı Regional Mərkəzinin Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinın, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri və məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişlər.
Təlimin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin və şagirdlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Hər bir halda, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan təlimdə iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı şəkillərdən ibarət sərgi nümayiş olunub, yanğın zamanı əleyhiqazdan və yanğınsöndürmə balonundan istifadə qaydaları əyani formada izah edilmişdir.
231 nömrəli tam orta məktəbin direktoru Vasif Eyvazov tədbiri açaraq bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü -1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Təlimdə çıxış edənlər maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdilər. Eyni zamanda ekoloji risklərin qarşısının alınması mövzusu Birləşmiş Millətlər Təşkilatının bu sahədə prioritet istiqamətlərdən birinin olması, fövqəladə hal və mülki müdafiə anlayışı, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib.
Həmçinin təcili tibbi yardım stansiyasının nümayəndəsi tərəfindən şagirdlərə qəfil burundan qan gəldiyi, epilepsiya və qıcolma halları yarandığı təqdirdə ilkin xilasedici tədbirləri barədə məlumat verildi.






