Pirallahı rayonunda “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə minifutbol üzrə rayon festivalı keçirilib
07 avqust 2026 | 12:59
07 avqust 2026-cı il tarixində Pirallahı rayonunun 186 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə minifutbol üzrə rayon festivalı keçirilib.
Festivalda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Azərbaycan gənclərə dövlət qayğısını beynəlxalq təşəbbüslərdən daha əvvəl prioritetə çevirən ölkələrdəndir və BMT tərəfindən 12 Avqust – Beynəlxalq Gənclər Gününün təsis edilməsindən iki il əvvəl, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmanı ilə "Azərbaycan Gəncləri Günü" təsis olunub. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə həyata keçirdiyi milli kadr siyasəti, minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərə göndərilməsi və sonrakı dövrdə gənclərin hərtərəfli inkişafına yönəlmiş addımlar müstəqil Azərbaycanın güclü insan kapitalının formalaşmasında mühüm rol oynayıb. O da vurğulanıb ki, Prezident cənab İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir, gənclərin təhsili, məşğulluğu, innovativ fəaliyyəti, könüllülük hərəkatı və idman sahəsində inkişafı üçün ardıcıl dövlət proqramları və layihələr həyata keçirilir. RİH başçısı həmçinin qeyd edib ki, dövlət gənclər siyasəti Pirallahı rayonunda da uğurla icra olunur, gənclərin asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik tərbiyəsi, idmana, elmə, mədəniyyətə və ictimai fəaliyyətə cəlb edilməsi istiqamətində mütəmadi tədbirlər, layihələr və intellektual müsabiqələr təşkil edilir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edərək, gənclərin sağlam həyat tərzinin formalaşdırılmasında idmanın, xüsusilə futbolun rolunu vurğulayıb və bu istiqamətdə görülən işlərin əhəmiyyətini qeyd edib.
Yekun olaraq çıxış edən Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının baş katibi Asim Xudiyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, gənclərin vətənpərvər, yüksək bilikli və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi yetişdirilməsinin ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Ardınca, minifutbol festivalı çərçivəsində komandalar arasında maraqlı və gərgin oyunlar keçirilib. Tədbir zamanı iştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət və komanda ruhu nümayiş etdiriblər. Festival idmanın təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və rayon üzrə idmanın kütləviliyinin artırılması, habelə həvəskar gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.
Festivalın sonunda fərqlənən komandalar və gənc oyunçular təşkilatçı qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırılıb və minifutbol festivalının iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.






