Pirallahı rayonunda “12 noyabr – Konstitusiya Günü”nə həsr olunmuş tədbir keçirildi
12 noyabr 2026 | 16:09
Hər bir dövlətin tarixində elə sənədlər var ki, onlar sadəcə kağız üzərində yazılmış hüquq normalarından ibarət olmur. Onlar bir xalqın dövlətçilik iradəsini, tarixi təcrübəsini, gələcəyə baxışını və öz taleyinə sahib çıxmaq əzmini ifadə edir. Konstitusiya məhz belə bir sənəddir.
Bu gün biz Azərbaycan Respublikasının Konstitusiya Gününü qeyd edərkən, əslində, yalnız 1995-ci il noyabrın 12-də qəbul edilmiş bir hüquqi sənədi xatırlamırıq. Biz müstəqil dövlətimizin hüquqi təməllərini, xalqımızın suveren iradəsini, insan hüquq və azadlıqlarına münasibətini, dövlətlə vətəndaş arasındakı münasibətlərin mahiyyətini və dövlətçilik tariximizin mühüm mərhələsini yad edirik.
Əgər bir ölkədə bütün qanunlar ləğv edilsəydi, amma Konstitusiya qüvvədə qalsaydı, dövlət yenə öz hüquqi varlığını qoruya bilərdimi? Bu sualın cavabı bizə Konstitusiyanın nə qədər fundamental sənəd olduğunu göstərir. Çünki Konstitusiya digər qanunların yarandığı hüquqi mənbə, dövlət hakimiyyətinin təşkilinin əsası və bütün hüquq sisteminin istiqamətini müəyyən edən ali hüquqi sənəddir. Konstitusiya olmayan yerdə dövlət hakimiyyəti öz sərhədlərini itirmək, hüquq isə iradədən asılı olmaq təhlükəsi ilə üzləşə bilər. Məhz buna görə də Konstitusiya yalnız hakimiyyətin necə təşkil olunmasını deyil, hakimiyyətin nələri edə bilməyəcəyini də müəyyən edir.
Konstitusion tarixə nəzər salsaq, görərik ki, bu ideya insanlığın uzun əsrlər boyu apardığı mübarizənin nəticəsidir. İnsan cəmiyyətləri tarixən bir sualın cavabını axtarıb: Hakimiyyət kimə məxsusdur və onun səlahiyyətlərinin sərhədi harada bitir? Bu sualın cavabı müxtəlif tarixi dövrlərdə fərqli formalarda ifadə olunub.
1215-ci ildə İngiltərədə qəbul edilmiş Böyük Azadlıqlar Xartiyası dünya hüquq tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu sənəd kral hakimiyyətinin də hüquqi məhdudiyyətlərə tabe olması ideyasını gücləndirdi. həqiqətən də, dövlət hüququ, konstitusionalizm və insan hüquqları tarixinin ən mühüm təməl daşlarından biridir. Feodal baronların təzyiqi altında imzalanan bu sənəd, mütləq monarxiyadan hüququn aliliyinə keçid istiqamətində ilk ciddi addım idi. Xartiya açıq şəkildə bəyan etdi ki, kral da daxil olmaqla, heç kim qanunlardan üstün deyil və hamı eyni hüquqi məhdudiyyətlərə tabedir. 1689-cu ildə İngiltərədə qəbul edilən bu sənəd kralın mütləq hakimiyyətini məhdudlaşdırdı və dövlətin idarə olunmasında parlamentin üstünlüyünü qanuniləşdirdi.
1787-ci ildə ABŞ Konstitusiyasının qəbul edilməsi isə yazılı konstitusiyanın inkişafında mühüm mərhələ oldu. Burada hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları arasında bölüşdürülməsi mexanizmi hüquqi sistemin əsasına çevrildi.
1789-cu il Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi isə hüquqi dövlətçilik tarixində çox mühüm bir prinsip irəli sürdü: İnsan hüquqlarının təmin olunmadığı və hakimiyyət bölgüsünün müəyyən edilmədiyi cəmiyyətdə konstitusiya quruluşdan danışmaq mümkün deyil. Yəni insan hüquqların müdafiəsi konstitusiyanın əsasııdır. Bütün bu hadisələrin ortaq mahiyyəti nə idi?
Hakimiyyətin hüquqla məhdudlaşdırılması, insanın hüquq subyekti kimi tanınması və dövlətin fəaliyyətinin müəyyən edilmiş hüquqi çərçivədə həyata keçirilməsi. Beləliklə, konstitusiya tarixinin əsas ideyası formalaşdı: Dövlət qanunun müəllifi ola bilər, lakin qanundan üstün ola bilməz. Bu fikir bu gün də müasir hüquqi dövlətin ən vacib prinsiplərindən biridir.
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "12 Noyabr – Konstitusiya Günü"nə həsr olunmuş tədbir keçirilib. 186 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə iştirak edən məktəbin rəhbər və müəllim heyətinə, eyni zamanda şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi barədə məlumat verildi. Tədbir iki hissədən ibarət olaraq, rəsmi və bədii hissələrə ayrılmışdır.
Tədbirin rəsmi hissəsində natiqlər çıxışlarında qeyd etdilər ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmişdir. Daha sonra 1925-ci il martın 14-də yeni redaksiya qəbul olunmuş, 1927-ci il 26 mart və 1935-ci ildə dəyişiklik və əlavələr edilmişdir. SSRİ Konstitusiyası əsasında Azərbaycan SSR Konstitusiyası 1937-ci il 14 mart tarixində qəbul olunur. 1978-ci il aprelin 21-də isə sovet dövrünün sonuncu Konstitusiyası təsdiqlənmişdir. Lakin müstəqil dövlətin Konstitusiyası tamam başqa mahiyyət daşımalı idi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə Azərbaycan qarşısında yeni tarixi vəzifə dayanırdı: artıq dövlətin hüquqi sistemi başqa bir siyasi mərkəzin deyil, Azərbaycan xalqının suveren iradəsinin ifadəsi olmalı idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müstəqil dövlət quruculuğunun fundamental hüquqi əsasını yaratdı. Lakin müstəqilliyin elan olunması ilə dövlət quruculuğu prosesi başa çatmır. Müstəqilliyi hüquqi institutlarla möhkəmləndirmək, hakimiyyətin strukturunu müəyyənləşdirmək, insan hüquqlarını təminat altına almaq və dövlətin fəaliyyətinin hüquqi əsaslarını yaratmaq lazım idi. Məhz bu tarixi zərurətdən çıxış edərək, 1995-ci ilin may ayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihə hazırlanarkən Azərbaycanın dövlətçilik ənənələri ilə yanaşı, qabaqcıl dünya konstitusiya təcrübəsi də nəzərə alındı. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Və nəhayət, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ümumxalq referendumu yolu ilə qəbul edildi. Bu sənəd 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Beləliklə, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda yeni mərhələ başlandı. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkəmizin tarixində dördüncü Konstitusiya olsa da, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası idi. Bu, sadəcə sənədlərin ardıcıllığında yeni bir tarix deyildi. Bu, dövlətin öz hüquqi taleyini müstəqil müəyyən etmək iradəsinin təsdiqi idi. Konstitusiya yalnız bu gün yaşayan insanların deyil, gələcək nəsillərin də hüquqi və siyasi həyatına təsir göstərən sənəddir. Biz bu gün Konstitusiyaya münasibətimizlə sabahın hüquqi mədəniyyətini formalaşdırırıq.
Daha sonra tədbirə dəvət olunmuş Ədliyyə Nazirliyinin Pirallahı rayon İcra Şöbəsinin əməkdaşı Konstitusiyanın maddələri barədə geniş məlumat verərək şagirdlərlə diskusiya aparmış, onların fikirlərini dinləmişdir.
Tədbirin bədii hissəsində şagirdlər mövzuya dair şeirlər və mahnılar səsləndirdilər.
Tədbirin sonunda natiqlər Konstitusiya Günü münasibətilə şagirdləri təbrik edərək, dövlətimizə möhkəm sabitlik, xalqımıza firavanlıq, ölkəmizin hüquqi və demokratik inkişafına davamlı uğurlar arzulayaraq xatirə şəkili çəkdirdilər.






