Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir keçirildi

14 iyul 2023 | 14:52
14 İyul 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” və “YAP Pirallahı rayon təşkilatının yaradılmasının 10 illiyi” mövzularına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, "Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev, RİH başçısı yanında Şura üzvləri, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisələrin və Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, müharibə veteranları və fəal gənclər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gülqoyma mərasimi ilə başlayan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümumilli lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır. Daha sonra mövzularla əlaqədar video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev açaraq vurğuladı ki, Ulu Öndərin qəlbi tam mənada Azərbaycanla döyünürdü və O, hər zaman, hər dəqiqə ölkəsi, xalqı haqqında düşünür, gələcək planlar üzrə yorulmadan çalışırdı. Natiq qeyd etdi ki, 1969-cu ilin 14 iyulu xalqımızın, Azərbaycanımızın yeni tarixinin dönüş mərhələsinin başlanğıc nöqtəsidir və bu gün biz həmin dövr barədə danışanda vurğulamalıyıq ki, müasir Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmışdır.
Daha sonra çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Pirallahıda olmaqdan məmnunluğunu ifadə etdi. Natiq bildirdi ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və beləliklə, rəhbərlikdə olduğu 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olmuşdur.
Növbəti olaraq çıxış edən tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov qeyd etdi ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmiş, Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Natiq vurğuladı ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Çıxış edən ARDNŞ-nın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat Bölümünün rəisi Elxan Məmmədov hazırda rəhbərlik etdiyi müəssisənin Ulu Öndərin neft siyasətinin bir hissəsi olduğunu və Azərbaycan neftinin dünya bazarına ixrac olunmasında mühüm rola malik olduğunu qeyd etdi. E.Məmmədov vurğuladı ki, Azərbaycan Respublikası Heydər Əliyev dühasının şah əsəridir. Güclü, getdikcə daha da qüdrətlənən dövlətimizin qazandığı bütün uğurlar üçün biz dünya şöhrətli siyasi xadim Heydər Əliyevə borcluyuq.
 Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, qeyd etdi ki, ötən il Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olub. Bu il isə paytaxtın ən gənc rayonu olan Pirallahıda yaradılmış YAP Pirallahı rayon təşkilatının 10 illik yubileyidir. Qısa tarixinə baxmayaraq YAP Pirallahı rayon təşkilatı böyük uğurların məskənidir. Partiyanın hazırda 6241 üzvü vardır ki, bu, rayon əhalisinin 30 faizindən yuxarıdır. Bu göstərici ilə Pirallahı rayonu partiya üzvlərinin əhalinin nisbətinə görə ən öncül yerlərdə qərarlaşır. Daha sonra E.Abasov 10 il ərzində partiyanın əldə etdiyi uğurlar, həyata keçirdiyi işlər və qarşıya qoyulmuş məqsədlərlə bağlı geniş nitqlə çıxış etdi.
Yekun olaraq çıxış edən RİH başçısı Vasif İmanov, ilk növbədə 3 il öncə baş verən və ölkəmizin 44 günlük Vətən müharibəsindəki böyük zəfərinin ilk mərhələlərindən olan Tovuz döyüşlərini xatırlatdı və 14 iyul tarixinin həm də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadətə ucaldıqlarının ildönümü olduğunu qeyd etdi. Azərbaycanın Milli Qəhrəmanları hörmətlə anıldı.
Daha sonra RİH başçısı qeyd etdi ki, 1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların əhatəliliyinə görə 70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularını, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu - 90-cı illərin əvvəlində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu. O da məmmnuniyyətlə qeyd edildi ki, Ulu öndər 14 iyul plenumundan dərhal sonra plenumda iştirak edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi İvan Vasilyeviç Kapitonov ilə birgə Neft Daşlarına səyahət etmişdir.
RİH başçısı nitqinin sonunda YAP Pirallahı rayon təşkilatının 10 illik yubileyi münasibətilə partiya üzvlərini təbrik etdi və onlara bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi. Vurğulandı ki, təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran ulu öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq  qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərməlidir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən və YAP Pirallahı rayon təşkilatının fəaliyyətində fəallıqları ilə seçilən bir qrup şəxsə Fəxri Fərmanlar və qiymətli mükafatlar təqdim olundu.
 
 
https://sia.az/az/news/politics/1073687.html
 
https://yeniazerbaycan.com/YAPxeber_e87381_az.html
 
https://modern.az/aktual/421792
 
https://unikal.az/news/387911
 
https://www.gununxeberi.az/index.php/gundem/65035
 
 
 
 
Keçidlər