Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli qurtuluşumuz” adlı konfrans keçirilib

09 iyun 2026 | 16:57
     09 iyun 2026-cı il tarixində Pirallahı rayon Gənclər Evi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli qurtuluşumuz” adlı konfrans keçirilib. Konfransda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Vüqar Əliyev, Xəzər rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Pirallahı Rayon Gənclər Evinin direktoru Arzu Qarazadə, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
     Pirallahı Rayon Gənclər Evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Konfrans çərçivəsində Y. Əliyev adına 235 nömrəli tam orta məktəbin şagirdi Əsnad Mikayılzadə, 243 nömrəli tam orta məktəbin psixoloqu Lalə Yunusova və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərpasına, dövlət quruculuğu prosesinin sürətlənməsinə və davamlı inkişafın əsaslarının formalaşmasına mühüm töhfə verib. Həmçinin bu siyasi kursun bu gün də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
     YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışında Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixinin ən şərəfli və qürurverici səhifələrindən biri olduğunu bildirib. O qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycanın siyasi və iqtisadi böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyduğu, müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə nüfuz qazandığı bir dönüş nöqtəsidir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri mürəkkəb geosiyasi şəraitdə Azərbaycan dövlətçiliyini qoruması, ölkəni parçalanma və məhv olmaq təhlükəsindən xilas etməsi olub.
     Tədbirdə yekun nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova bildirib ki, Azərbaycan Respublikası Heydər Əliyev ideyaları əsasında böyük inkişaf yolu keçib. Qeyd olunub ki, Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib, qanunçuluq və hüquq qaydaları bərqərar olunub, vətəndaşların təhlükəsizliyi etibarlı şəkildə qorunub. Eyni zamanda nizami ordu quruculuğuna başlanılıb, Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunub və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə start verilib. Çıxışda, həmçinin vurğulanıb ki, həmin dövrdə dövlət idarəetmə sistemi formalaşdırılıb, vətəndaşların dövlətə inamı bərpa olunub, mühüm neft müqavilələri imzalanaraq iqtisadi inkişafın təməli qoyulub. Qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub, demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, ilk parlament seçkiləri keçirilib və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Bununla yanaşı, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünya birliyinə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, siyasi islahatların əsası qoyularaq çoxpartiyalı sistemin inkişafı təmin olunub.
    Tədbirin sonunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin il ərzində təşkil etdiyi tədbirlərdə fəal iştirak edən ümumtəhsil müəssisələri və gənclər təltif olunub, iştirakçılarla birgə xatirə şəkli çəkdirilib.
Keçidlər