Pirallahı rayonunda “18 oktyabr - Müstəqilliyin Bərpası Günü” ilə bağlı silsilə tədbirlər keçirilib
18 oktyabr 2023 | 16:13
17 Oktyabr 2023-cü il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində və 18 oktyabr 2023-cü il tarixdə 168 nömrəli tam orta məktəbdə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin, pedaqoji kollektiv və məktəblilərin iştirak etdiyi hər iki tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır.
Natiqlər öz çıxışlarında bildirmişlər ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Qəbul edilmiş Konstitusiya Aktında müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisi 15 oktyabr 2021-ci il tarixli iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul etmiş və elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənmişdir. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Natiqlər xüsusi olaraq vurğulamışlar ki, bu il Azərbaycanda Müstəqilliyin Bərpası Günü tamam başqa ab-havada qeyd edilir. Çünki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmış və 15 oktyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldıraraq bəyanatla çıxış etmişdir. Bununla da respublikamızın bütün ərazilərində suverenliyimiz bərpa edilmişdir.
Tədbirlər bədii hissə ilə davam etmiş, şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla vətənə, xalqa və dövlətçiliyə olan sevgilərini nümayiş etdirmişlər. Sonda xatirə şəkilləri çəkdirilmişdir.