Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “18 Oktyabr –Müstəqilliyin bərpası günü” münasibətilə silsilə tədbirlər keçirildi

17 oktyabr 2025 | 16:48
       16-17 Oktyabr 2025-ci il tarixlərdə Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “18 Oktyabr –Müstəqilliyin Bərpası Günü” münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun və Pirallahı Gənclər Evinin məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, eləcə də rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
       16 oktyabr tarixində Vətən müharibəsi iştirakçıları ilə məktəblilər arasında görüş keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək, müharibə zamanı Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik nümunələri barədə məlumat verib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir" fikrini xatırladaraq qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək naminə canlarından keçməyə hazır olduqlarını əməlləri ilə sübut ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin olunub, ölkə yeni və davamlı inkişaf mərhələsinə qədəm qoyub. Bu yolda Azərbaycan gəncləri hər zaman böyük əzmlə və fədakarlıqla mübarizə aparmağa hazırdırlar.
       17 oktyabr tarixində isə rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilib. 168 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev iştirak ediblər. Tədbirdə çıxış edən Arzu Abdullayev bildirib ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Bu sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilib. 2021-ci il oktyabrın 15-də isə Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, 28 May — Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Çıxışda həmçinin qeyd olunub ki, 1990-cı illərin əvvəllərində müstəqilliyimiz ciddi təhlükə qarşısında olsa da, xalqımız qətiyyət və iradə göstərərək bu sınaqlardan uğurla çıxıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin edib. Ulu Öndərin müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbir şagirdlərin müstəqilliyə həsr olunmuş şeirləri, mahnıları və rəqs nömrələri ilə davam etdirilib.
        Eyni gün Pirallahı Gənclər Evində Pirallahı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru, eləcə də Pirallahı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbirdə rayondakı ümumtəhsil müəssisələrinin şagirdləri fəal iştirak ediblər. Oyunda RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Anar Babayev və Xəyalə Cavanşirli, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova iştirak ediblər. Tədbirdə çıxış edən Anar Babayev, 18 Oktyabr –Müstəqilliyin Bərpası Gününün tarixi və siyasi əhəmiyyətinə toxunub. O, müstəqilliyin xalqımızın azadlıq arzusu və milli iradəsinin təcəssümü olduğunu vurğulayıb, 1991-ci ildə qəbul olunan Konstitusiya Aktının ölkəmizin müasir inkişaf yolunun əsasını qoyduğunu bildirib. Anar Babayev çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter alıb, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq aləmdə nüfuzu durmadan artır. O, həmçinin gənc nəslin intellektual və mənəvi inkişafına yönəlmiş bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, yarışmada iştirak edən bütün şagirdlərə uğur arzulayıb.
       Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual oyunun nəticələri aşağıdakı kimi olmuşdur:
 
        I yer – 186 nömrəli tam orta məktəb
        II yer – 235 nömrəli tam orta məktəb
         III yer – 168 nömrəli tam orta məktəb

 

Keçidlər