Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “2 fevral - Gənclər günü” ilə əlaqədar tədbir keçirilib

30 yanvar 2026 | 14:32
     30 yanvar 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin inkişafına dövlət dəstəyi” başlıqlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov,  Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatı və YAP Pirallahı rayon Təşkilatının məsul əməkdaşları, rayonun fəal gəncləri iştirak edib.
      Tədbirdə ilk olaraq dövlət himnimiz səsləndi, ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “2 fevral - Gənclər günü”nə həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən geniş söhbət açan natiq müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara gətirib çıxardığını vurğulayıb. Qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  gənclərə müstəsna dəstək verir, onların inkişafını prioritet məsələlərdən biri kimi hər zaman diqqət mərkəzində saxlayırlar. Qürur hissi ilə qeyd etməliyik ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının sədri Emil Abasov  qeyd edib ki,  hər il fevral ayının 2-də qeyd olunan bu xüsusi günün təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərlərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər.
 Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev öz çıxışında gəncliyin inkişafı ilə bağlı görülən işlərdən, təhsil islahatlarından və əldə olunan nailiyyətlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində təhsil siyasətinin əhəmiyyətini xüsusi qeyd edib. Bu  gün əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsidir. Öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirərək, gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün daha da fəal olmalarını tövsiyə edib. 
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova bildirib ki, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Yekunda rayon gəncləri adından çıxış edən Ülkər Mirzəmətova onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün gənclər adından dərin minnətarlığını bildirərək qeyd etib ki, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Gənclərimiz təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq ölkəmizi layiqli təmsil edirlər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc YAP Pirallahı rayon Təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru tərəfindən Fəxri Fərman , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsi tərəfindən isə hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda xatirə şəkili çəkilib.
Keçidlər