Pirallahı rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir
19 yanvar 2024 | 15:36
20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətlə Pirallahı rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda anım tədbirləri təşkil olunmuşdur.
Keçirilən tədbirlərdə şəhidlərin xatirəsi yad edilmiş və qeyd olunmuşdur ki, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötür. Bildirmişdir ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləmiş, faciənin təşkilatçılarını ittiham etmişdir. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar olmuşdur.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.
Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlərin uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı Bakının Yasamal rayonundakı 20 Yanvar dairəsində memorial abidə kompleksi ucaldılmışdır.
Tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi. Azərbaycan xalqının qan yaddaşına hopmuş 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Keçirilən tədbirlərdə məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər dinlənilmiş, kompozisiyalar və rəsm sərgiləri nümayiş olunmuşdur.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları 20 Yanvar əlillərini ziyarət etmişdir. Görüş zamanı onlara ərzaq bağlamaları təqdim olunmuşdur. 20 Yanvar əlilləri dövlətimiz tərəfindən hər zaman xüsusi qayğı ilə əhatə olunduqlarını qeyd edərək, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.