Pirallahı rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib
19 yanvar 2026 | 16:43
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətlə Pirallahı rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda anım tədbirləri təşkil olunub.
N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə keçirilən ümumrayon tədbirində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatı və YAP Pirallahı rayon Təşkilatının məsul əməkdaşları, Pirallahı və Gürgən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Pirallahı bələdiyyəsi, təhsil müəssisələrinin rəhbərləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub.
İlk öncə dövlət himnimiz səsləndirilib, vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib. Çıxış edən natiqlər Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvolu olan 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləmiş, faciənin təşkilatçılarını ittiham etmişdir. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar olmuşdur. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlərin uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı Bakının Yasamal rayonundakı 20 Yanvar dairəsində memorial abidə kompleksi ucaldılmışdır.
Tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi. Azərbaycan xalqının qan yaddaşına hopmuş 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Keçirilən tədbirlərdə məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunan şerlər dinlənilib, kompozisiyalar və rəsm sərgiləri nümayiş olunub.






