Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir

17 yanvar 2023 | 16:30
    17 yanvar 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət,  Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü  Rauf Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının əməkdar jurnalisti, fəlsəfə üzrə fəlsəfə doktoru, “Səs” Media qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etdilər.
      İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Sonra 20 Yanvar faciəsinə həsr olunmuş video-çarxa baxılmışdır.
       Tədbiri giriş sözü ilə açan Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev qeyd etmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, Qarabağdakı erməni vəhşiliyinə etiraz edən və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən həmvətənlərimizi, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Belə ki, telestudiyanı partladaraq ölkənin tam informasiya blokadasına alınmasından sonra qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
       Azərbaycan Respublikasının əməkdar jurnalisti, fəlsəfə üzrə fəlsəfə doktoru, “Səs” Media qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirmişdir ki, XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı coşdurdu, milli azadlıq hərəkatı inkişaf etməyə başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində hətta ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Bu dəstələr heç nəyə baxmadan dinc vətəndaşlarımızı gülləbaran etdilər,qətlə yetirdilər, tankların tırtılları altında əzdilər. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.
      Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni öz çıxışında bildirmişdir ki, 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyev övladlarıyla birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verdi və bu hadisələrdə əsas günahkar kimi o zamankı respublika və SSRİ rəhbərliyini, birinci növbədə Qorbaçovu göstərdi.  Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın   20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
       YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən hadisələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 33 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiq vurğuladı ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular.
      Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev” ili elan edilmişdir. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev” ili ilə əlaqədar 2023-cü il ərzində Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün keçirilən “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirin tarixi və siyasi əhəmiyyətindən söz açan natiq  qeyd etmişdir ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Biz şəhidlərimizin qanlarının yerdə qalmaması üçün müstəqilliyimizin qədrini bilməliyik. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi və bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

 

Keçidlər