Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “26 İyun-Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirildi

25 iyun 2025 | 17:40
         25 iyun 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pirallahı Gənclər Evində “26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qeyri-Hökümət Təşkilatlarının rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişdir.  
       Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Ümumilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.
        Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova tədbir iştirakçılarını  “26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”ü münasibəti ilə təbrik edərək qeyd etdi ki, Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Bu gün təkcə rəsmi təqvimdə yer alan bir tarix deyil, xalqımızın əzm, qürur və mübarizə ruhunun təcəssümüdür. 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk nizami ordu hissələri, dövlət müstəqilliyinin qorunmasının, xalqın təhlükəsizliyinin təminatçısı oldu. O gündən bəri Azərbaycan Ordusu müxtəlif sınaqlardan keçmiş, yenidən qurulmuş və bu gün qüdrətli bir hərbi gücə çevrildi. Hər kəsə məlumdur ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o dahi şəxsiyyətin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi bugünkü müzəffər Azərbaycan Ordusunun təməlini qoydu. Ulu Öndərdən sonra isə onun siyasi varisi cənab Ilham Əliyev Azərbaycan Ordusunun Ali Baş Komandanlıq missiyasını uğurla yerinə yetirmişdir. Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür. Uğurlu islahatların, mütəşəkkil strategiyanın və uzaqgörən liderliyin nəticəsi olaraq bu gün ordumuz Cənubi Qafqazın ən güclü hərbi qüvvəsi hesab olunur.  Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı və bu tarix qəhrəmanlıq salnaməsi oldu.
     Sonra 243 nömrəli tam orta məktəbin çağrışaqədərki hazırlıq rəhbəri Xanlar Əsgərov vurğuladı ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji və hərbi hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
        Yekunda Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Süpay Məmmədov 44 günlük müharibədə ordumuzun göstərdiyi şücaətdən və qəhrəmanlıqdan söz açdı.  Bildirdi ki, Azərbaycan əsgəri hər zaman mərd, qorxmaz və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandan olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Qəhrəmanlıqla şəhid olan, qazi olan Vətən müharibəsi iştirakçılarının döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunacaqdır.
     Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdi.
Keçidlər