Pirallahı rayonunda “27 sentyabr-Anım günü”nə və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilmişdir
27 sentyabr 2022 | 15:43
27 sentyabr 2022-ci il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr Anım Gününün təsis edilməsi haqqında 02 dekabr 2020-ci il tarixli Sərəncamının icrası, eyni zamanda, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə rəsmi anım tədbiri keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, Pirallahı rayonundan 44 günlük Vətən müharibəsində iştirak etmiş veteran, qazi və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbir “Vətən uğrunda” abidə kompleksi qarşısında baş tutmuşdur. Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Pirallahı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunmuş, Gürgən qəsəbə qəbiristanlığında yerləşən məzarları rayon rəhbərliyi, idarə-müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri tərəfindən ziyarət olunaraq məzarları üzərinə gül dəstələri düzülmüşdür. Daha sonra RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Vətən uğrunda” abidə kompleksinin ətrafı və mərkəzi yol boyu ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 150 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Aksiya başa çatdıqdan sonra RİH başçısı və qonaqlar tədbirin baş tutacağı abidə kompleksinin qarşısına gəlmiş və ümumrayon tədbiri açıq elan olunmuşdur. Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə başlamışdır. Dar çərçivədə keçirilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açılış nitqi ilə çıxış edərək, 27 sentyabr tarixinin xalqımızın müstəqillik dövrünün ən vacib günlərindən biri və 30 illik işğalın, zülmün, qanunsuzluğun sonunun başlanğıcı günü olduğunu bildirmişdir. Bununla yanaşı, RİH başçısı 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdığını və onların hər birinin daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulamışdır. Həmin günlərdə Pirallahı rayonunun gənclərinin də Vətənin müdafiəsi üçün ayağa qalxdığını bildirən V.İmanov Pirallahı rayonundan yüzlərlə gəncin ordu sıralarına yazılmaq üçün müraciət etdiyini və ümumilikdə 97 rayon sakininin Vətən müharibəsində qəhrəmanlıqla iştirak etdiyini qeyd etmişdir. Nitqinin sonunda natiq sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatları xatırladaraq, həmin günlərdə Ordumuzun göstərdiyi şücaətin bizləri qürurlandırdığını, ancaq təəssüf ki, əks-hücum əməliyyatları zamanı 80 hərbi qulluqçumuzun şəhid olduğunu ifadə etmişdir. V.İmanov onu da qeyd etdi ki, onların qisası bu dəfə də artıqlaması ilə alınmışdır.
Tədbirdə daha sonra Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Kazımov Anar İlqar oğlu çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın mətanəti və əsgərlərimizin qəhrəmanlığı nəticəsində əldə olunan möhtəşəm qələbə Azərbaycanın şanlı tarixinə əbədi olaraq həkk olunmuşdur. Bununla yanaşı, A.Kazımov dövlətimizin daim şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşdığını və hər bir şəxsin bu diqqəti öz üzərində hiss etdiyini qeyd etdi. Natiq bunun üçün bütün Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri adından Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Daha sonra söz alan Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov bu möhtəşəm qələbə ilə Azərbaycan dövlətçiliyinin böyük bir imtahandan şərəflə çıxdığını bildirdi. F.Məhəmmədov vurğuladı ki, bu parlaq qələbənin əldə olunmasında ən böyük amillər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsi, Ordumuzun rəşədəti və xalqımızın Ordu və Ali Baş Komandanın arxasında bir yumruq kimi birləşməsi idi. Natiq onu da diqqətə çatdırdı ki, ölkəmizdə yüksək vətənpərvər ruhlu gənc nəsil formalaşıb. Bunun başlıca səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətidir. F.Məhəmmədov Azərbaycan gəncliyinin qarşısında bundan sonra da mühüm vəzifələr dayandığını gənclərin dövlətimizin başçısının yüksək etimadını doğrultmağa, qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışmalı olduğunu qeyd etdi.
Tədbirdən sonra RİH başçısı Vasif İmanov Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə yaxınlaşaraq onların qayğıları ilə maraqlandı və onların hər birinin daim ölkə rəhbərliyinin xüsusi diqqətində olduğunu bildirdi.