Pirallahı rayonunda 28 May Müstəqillik günü ilə bağlı tədbir keçirilib
25 may 2023 | 08:42
Mayın 24-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir. Bakı şəhəri 231 nömrəli tam ota məktəbdə keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
Tədbirdə dövlət himnimiz səsləndirilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı şəhəri 231 nömrəli tam ota məktəbin direktoru Lamiyə Quliyeva bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayram ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu bildirən natiq qeyd etmişdir ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etmişdir.
YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov çıxış edərək bildirib ki, 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Az yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Natiq həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov 28 May-Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Müstəqilliyin bərpasından keçən dövr ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi inkişaf yolundan söhbət açan natiq vurğulamışdır ki, 1918-ci il mayın 28-də mürəkkəb hərbi-siyasi və tarixi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmışdır. Sonda V.Səfixanov rayonun ictimai həyatında fərqlənən 231 nömrəli tam ota məktəbin müəllimi Kəmalə Süleymanovaya Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanını təqdim etmişdir.
Tədbirin bədii hissəsi məktəblilərin ifasında vətənə, şəhidlərimizə həsr olunmuş şerlər və kompozisiyalarla davam etdirilmişdir.