28 May - Müstəqillik günü münasibəti ilə silsilə tədbirlər davam etdirilib
26 may 2023 | 16:30
25-26 May 2023-cü il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən tam orta təhsil müəssisələrində 28 May-Müstəqillik günü münasibətilə silsilə tədbirlər davam etdirildi. Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşlarının iştirak etdiyi tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, çıxış edən natiqlər əlamətdar günlə bağlı fikirlərini səsləndirərək, Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Çıxışlarda o da qeyd olundu ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, mütərəqqi islahatlar, reallaşdırdığı qlobal miqyaslı layihələr Azərbaycanın dünyada siyasi çəkisini getdikcə artırır və ölkəmiz beynəlxalq müstəvidə söz sahibinə çevrilir.
Tədbirlərin bədii hissəsi məktəblilərin ifasında şeirlər, mahnılar və kompozisiyalarla yekunlaşdı.