Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi

29 mart 2024 | 16:18
     28-29 Mart 2024-cü il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi. Keçirilən tədbirlərin yekunu kimi 29 mart 2024-cü il tarixdə RİH başçısı Aparatının məsul əməkdaşlarının və Yeni Azərbaycan Partiyası    Pirallahı rayon təşkilatının sədrinin iştirakı ilə 186 №li tam orta məktəbdə “Unudulmayan tarix” başlıqlı tədbir keçirildi.
     Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.
     Çıxışlarla davam edən tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Cavanşirli və məktəbin direktoru Elzamin Həsənov çıxış edərək soyqırım barəsində auditoriyaya geniş məlumat verdi. Vurğulandı ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan 31 mart Soyqırımı 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. O da qeyd edildi ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi İlham Əliyev də öz fəaliyyətində bu məsələyə xüsusi diqqət ayırmış, erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
     Daha sonra tədbir məktəblilərin ifasında bədii hissə ilə davam etdi. Şeirlər, kompozisiyalar nümayiş olundu.
Keçidlər