Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi

31 mart 2026 | 16:00
      31 mart 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Xəzər rayon MKS-nin 2 nömrəli filialının birgə təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş kitab sərgisi və anım tədbiri keçirilib.
      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, RİH başçısı Aparatının əməkdaşları, Pirallahı bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, eləcə də şagirdlər iştirak ediblər.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə  başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
     Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti haqqında ətraflı məlumat verib. O bildirib ki, 1918-ci ilin mart hadisələri xalqımızın tarixində qanlı səhifə kimi qalır. Həmçinin qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu hadisələrə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Hər il 31 mart tarixinin qeyd olunması ilə xalqımız bu faciənin qurbanlarını dərin ehtiramla yad edir.
        Daha sonra çıxış edən Pirallahı bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov həmin dövrün acı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən kütləvi qırğınlar törədilib, minlərlə azərbaycanlı qətlə yetirilib. Bu tarixi həqiqətlərin gənclər tərəfindən dərindən mənimsənilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
      RİH başçısı Aparatının əməkdaşı Ülkər Mirzəmətova və 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov çıxışlarında bildiriblər ki, tarix boyu xalqımıza qarşı törədilən cinayətlərə ən tutarlı cavab 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində verilib. Vurğulanıb ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib və 30 ilə yaxın davam edən işğala son qoyulub.
Tədbir Xəzər rayon MKS-nin 2 nömrəli filialı tərəfindən təşkil olunmuş kitab sərgisinə baxışla yekunlaşıb.
Keçidlər