Pirallahı rayonunda 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
07 mart 2024 | 13:30
7 Mart 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, mədəniyyət və səhiyyə müəssisələrinin qadın əməkdaşlarının, Qeyri-Hökümət Təşkilatlarının rəhbərlərinin, şəhid ailələrinin və fəal qadınların iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olundu.
RİH başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək xanımları bayram münasibətilə təbrik etdi. V.Səfixanov vurğuladı ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir. Ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri E.Abosov bildirdi ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.
Yekun olaraq rayon ərazisində fəaliyyət göstərən 168 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevda Alxasova çıxış edərək qadınlara göstərilən diqqət və qayğı üçün minnətdarlığını ifadə etdi.
Sonda xanımlara qiymətli hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.