Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
24 iyun 2024 | 15:58
Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Bu il ərzində keçirilən ağacəkmə aksiyaları zamanı 1300-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Həmçinin, Bakı şəhəri Pirallahı rayonunda qəsəbədaxili küçə və məhəllələrin abadlaşdırılması işləri də davam etdirilir. Hal-hazırda Pirallahı qəsəbəsində yerləşən yaşayış binalarının girişlərinə və piyada səkilərinə asfalt-beton örtüyünün çəkilməsi işləri aparılmaqdadır. Əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında bordürlər və səkilər bərpa olunur. Ümumilikdə, rayon ərazisində Pirallahı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sifarişi ilə 5400 kv.m asfalt-beton örtüyünün çəkilməsi nəzərdə tutulmuşdur.