Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

06 may 2025 | 12:58
  Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyət davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.
     Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Pirallahı, Çilov, Neft Daşları və Gürgən  qəsəbələrində rayon yarandığı gündən indiyədək 300000-dən çox müxtəlif ağac tingləri əkilib və mütəmadi olaraq yaşıllaşdırma işləri davam etdirilməkdədir.
     Həmçinin, Bakı şəhəri Pirallahı rayonunda qəsəbədaxili küçə və məhəllələrin abadlaşdırılması işləri də davam etdirilir. Hal-hazırda Pirallahı qəsəbəsində yerləşən yaşayış binalarının girişlərinə və piyada səkilərinə asfalt-beton örtüyünün çəkilməsi işləri aparılmaqdadır. Əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında bordürlər və səkilər bərpa olunur. Cari ilin aprel ayı ərzində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 9 №-li Yol İstismarı” MMC tərəfindən qəsəbədaxili yolların yenidən qurulması işləri həyata keçirilmişdir. Pirallahı qəsəbəsi, Q.Abbasov küçəsində 1.465 kv.m, Y.Əliyev küçəsində 145 kv.m, 28 və 29-cu məhəllə yeni sahədə isə 580 kv.m asfalt-beton örtüyü çəkilmişdir. Ümumilikdə, 15.000 kv. metrdən çox asfalt-beton örtüyünün çəkilməsi nəzərdə tutulmuşdur.
Keçidlər